Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin strukturuna daxil olan “Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası” kafedrası zəngin tarixi və özünəməxsus idarəçilik prinsipləri olan, illər boyu formalaşmış və sadəcə, özünəməxsus ənənələri qoruyub saxlayan bir kafedradır.
Yaranması yarım əsrdən çox olan kafedrada, mütəmadi olaraq dahi şəxsiyyətlər, peşəkar müəllimlər, öz işini sevən kadrlar, bütün həyatlarını təhsilə, elmə həsr edənlər, illər boyu formalaşan adət və ənənələri qoruyan və yaşadan insanlar çalışmışlar. Bu insanların zəhməti nəticəsində “Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası” kafedrasının şöhrəti ölkəmizin sərhədlərini aşaraq dünyanın müxtəlif ölkələrinə qədər gedib çıxmışdır. Azərbaycan iqtisadiyyatının yüksələn xətlə inkişafında kafedramızın məzunları da öz töhvələrini verməkdədirlər.
Yarandığı ilk günlərindən kafedrada M.V.Lomonosov adına Moskva Zərif Kimya Texnologiya İnstitutunu, D.İ.Mendeleyev adına Moskva Kimya -Texnologiya İnstitutunu və M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bitirmiş mütəxəssislər - S.İ.Sadıx-zadə, Y.M.Bilalov, M.Ə.Ağakişiyeva, F.V.Məmmədov, Ə.M.Şahmalıyev, T.A.Qədirov, T.M.İsmayılov və digərləri fəaliyyət göstərmişlər. Hal-hazırda onların tələbələri olmuş mütəxəssislər kafedrada fəaliyyət göstərir və onların qoyduğu ənənələri davam etdirirlər.
Kafedrada 2 elmlər doktoru – professor, 11 elmlər namizədi - dosent fəaliyyət göstərir. 1967-ci ildən başlayaraq kafedrada “Qeyri-üzvi maddələrin kimyəvi texnologiyası”, “Elektrokimyəvi istehsalların texnologiyası”, “Üzvi maddələrin kimyəvi texnologiyası”, “Plastik kütlələrin kimyəvi texnologiyası”, “Yüksəkmolekullu birləşmələrin kimyəvi texnologiyası”, “Plastik kütlələrin və elostomerlərin emalı texnologiyası” ixtisasları üzrə keçmiş SSRİ-nin respublikaları və xarici dövlətlər - Almaniya, Çexoslovakiya, Bolqarıstan, Macarıstan, Kuba, Vyetnam, Əfqanıstan, Banqladeş, Koreya, Çin, İran, Türkiyə, Suriya, İraq, Birləşmiş Ərəb Əmirlikləri üçün yüksək ixtisaslı mühəndis, bakalavr, magistr, fəlsəfə doktorları hazırlanmışdı. Kafedranın məzunları Azərbaycanda və digər ölkələrdə müxtəlif vəzifələrdə çalışırlar.
Kafedrada tədris edilən fənlər üzrə 50-dən çox dərslik, 40-dan çox dərs vəsaiti və 35-dən çox metodik vəsait çap olunmuşdur.
Kafedranın əməkdaşları tərəfindən yerli və xarici elmi jurnallarda 2000-dən çox elmi məqalə və tezis çap olunmuş, 120-dən artıq SSRİ-nin müəlliflik şəhadətnamələri, Azərbaycan Respublikasının, Rusiya Federasiyasının və Azərbaycan-Türkiyə müştərək patentləri alınmışdır.
2016-cı ilin fevral ayında kafedranın bazasında “Üzvi maddələr və yüksəkmolekullu birəşmələrin texnologiyası” adlı kafedra yaradılmış, kafedranın müdiri vəzifəsinə isə kafedranın məzunu olan t.e.d., professor F.Ə. Əmirov təyin edilmişdir.
Fariz Əli oğlu Əmirov 06 yanvar 1971-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Biləv kəndində anadan olub. 1988-ci ildə Biləv kəndində orta məktəbi fərqlənmə ilə bitirib. 1994-cü ildə ADNA-nın “Kimya texnologiya” fakultəsini bitirib. 2007-ci ildə elmlər namizədiliyi dissertasiyasını müdafiə etmişdir. 2014-cü ildə doktorluq dissertasiya işini müdafiə etmişdir.
2006-2016-cı illərdə “Fiziki-kimyəvi analiz metodları mərkəzləşdirilmiş laboratoriyası”nın müdiri vəzifəsində çalışmışdır. 2016-cı ilin fevral ayından “Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası” kafedrasının müdiri vəzifəsində çalışır.
Professor F.Ə. Əmirovun rəhbərliyi ilə qısa müddət ərzində kafedrada yenidənqurma işləri aparılmışdır. Tədris prosesinin və elmi-tədqiqat işlərinin səmərəli aparılması, tələbələr və müəllimlər üçün lazımi şərait yaradılmışdır. Kafedranın nəzdində 2 mühazirə auditoriyası, 4 tədris laboratoriyası və 1 yardımçı otaq fəaliyyət göstərir. Müasir tələblərə cavab verən 90 və 30 nəfərlik 2 mühazirə auditoriyası, əlavə 2 laboratoriya və kitabxana yaradılmışdır. Hal-hazırda kafedrada 2 professor, 8 dosent, 3 assisent, 1laboratoriya müdiri, laborant çalışır.
Hal-hazırda bakalavır səviyyəsində 050641- «Üzvi maddələrin kimyəvi texnologiyası» və «060641-Plastik kütlə və elostomerlərin kimyəvi texnologiyası» ixtisasları, magistratura səviyyəsində isə 060641.1- «Neft-kimya sintezinin texnologiyası» və 060641.6- «Polimerlərin və kompozisiya materiallarının emalı texnologiyası» ixtisaslaşmaları üzrə mütəxəssis hazırlığı davam etdirilir.
Kafedranın bütün əməkdaşları olaraq bundan sonra da kafedramızın gələcəyi üçün hər bir işin öhdəsindən şərəflə gəlməyə tam hazırıq.... Hal-hazırda bakalavır səviyyəsində 050641- «Üzvi maddələrin kimyəvi texnologiyası» və «060641-Plastik kütlə və elostomerlərin kimyəvi texnologiyası» ixtisasları, magistratura səviyyəsində isə 060641.1- «Neft-kimya sintezinin texnologiyası», 060641.5-«Polimerlərin kimyəvi texnologiyası» və 060641.6-«Polimerlərin və kompozisiya materiallarının emalı texnologiyası» ixtisaslaşmaları üzrə mütəxəssis hazırlığı davam etdirilir. Bunu da qürur hissi ilə bilərik ki, Yeni Azərbaycan Partiyası (YAP) yaranan günlərdən (noyabr, 1992) ADNA-nın (indiki ADNSU) dosenti Tamilla Naibova ilk təşkilatın yaradılmasında fəallıq göstərmişdir. Kafedramızın məzunu dos.T.M.Naibova artıq 20 ildən çoxdur ki, YAP-ın universitet üzrə təşkilatının sədridir.